"TikTok" sosial şəbəkə platforması ABŞ-dakı əməliyyatlarını bir qrup amerikalı investora satmağa razılaşıb.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı şirkətin daxili sənədinə istinadən məlumat yayıb.
Sövdələşmənin gələn il yanvarın 22-də bağlanacağı gözlənilir. Onun şərtlərinə əsasən, "Oracle", "Silver Lake" və Əbu-Dabidə yerləşən "MGX" "TikTok"un ABŞ-dəki törəmə şirkətində birgə 45% pay alacaq.
Daha 20% onun ana şirkəti "ByteDance"ə məxsus olacaq və səhmlərin təxminən üçdə biri onunla əlaqəli investorlara gedəcək.
Sentyabrın 5-də ABŞ Prezidenti Donald Tramp Çinin sosial şəbəkə platforması "TikTok"un ölkədəki nəzarətini Amerika biznesinə ötürəcək müqaviləni təsdiqləyən sərəncam imzalayıb.
ABŞ vətəndaşları yeni strukturda ən böyük paya və nəzarətə sahib olacaqlar. "ByteDance" 20%-dən az pay alacaq, qalan hissəsi isə müəyyən investorlara məxsusdur.