Azərbaycanda kompüter istehsalı 2,6 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 195,9 milyon manat təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 7,8 %, kompüter, elektron və optik məhsulların istehsalı isə 65 % artıb.

Hesabat dövründə 3 619 ədəd stolüstü kompüter (2,6 dəfə çox), 339 min ədəd ölçmə cihazları (2,2 dəfə çox), 498 ədəd güc transformatorları (5,5 % az), 5 253 ədəd elektrik tənzimləyici cihazları (51 % az), 8 046,2 ton digər elektrik naqilləri (1,3 % az), 794 məişət soyuducuları və dondurucuları (52,9 % az) istehsal edilib.

Noyabrın 1-nə olan vəziyyətə görə, 13,7 min ədəd ölçmə cihazları, 1076 ədəd elektrik tənzimləyici cihazları, 1 min 243,1 ton digər elektrik naqilləri, 23 ədəd məişət soyuducuları və dondurucuları üzrə hazır məhsul ehtiyatı yaradılıb.

Digər xəbərlər