2018-ci ildə dəbdə olacaq rənglər və geyimlər - SİYAHI

Bakı. 2 yanvar. REPORT.AZ/ Moda dünyasında hər il fərqli modellər və rənglər dəbdə olur. Dəblə ayaqlaşmaq bir qədər çətindir, amma tərzlə geyinməyə önəm verənlər il ərzində ən populyar rənglər və geyimlərdən yararlanmağa çalışırlar. 

"Report" xəbər verir ki, son illər keçmişdən ilhamlanaraq yaradılan geyim tərzləri 2018-ci ildə də fərqli toxunuşlarla moda aləmində önə çıxacaq. 

Qırmızı rəng bütün tonları ilə ilin ən populyar rəngi olacaq. Onun ardınca isə bənövşəyi, sarı və çəhrayi rənglər gələcək. Digər illərə nisbətən bu ilin qışında al-əlvan rənglər dəbdə olacaq.

İlin ən dəbdə olan parçası məxmər olacaq. Bu parçadan hazırlanan müxtəlif növdə və rəngdə  geyimlər 2018-də qadınların garderoblarını bəzəyəcək.

Zolaqlı geyimlər bu il daha çox tünd rənglər üzərində görüləcək. Ofis geyimləri arasında isə kostyumlara keçən ildən nisbətən daha çox üstünlük veriləcək.