Politoloq: “Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanda təşviş yaradır”

“Azərbaycan son illərdə Rusiyadan kifayət qədər hərbi texnika, silah-sursat alıb. Əgər indi Rusiya bizə müasir təyyarələr satacaqsa, bunları almaqda maraqlı ola bilərik”.

Bunu “Report”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Rusiyadan yeni nəsil təyyarələrin alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin daha da gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır:

“Mən Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın davam etdirilməsinin tərəfdarıyam. Ancaq onun tərəfdarı deyiləm ki, biz hansısa köhnə model təyyarələrə üstünlük verək. Çünki Rusiyada müasir təyyarələr də var. Rusiya bəzən onları xarici ölkərə satmır, bunları ancaq tərəfdaşlarına, yaxud Ermənistana verir. Əgər söhbət modern, yeni nəsil hərbi təyyarələrin alınmasından gedirsə, Azərbaycan onların alınmasına maraq göstərə bilər”.

Politoloq Rusiyadan hərbi texnikanın alınıb-alınmamasından asılı olmayaraq iki ölkə arasında əməkdaşlığın vacibliyini bildirib:

“Bütün hallarda Rusiya ilə hərbi texnikaların alınması üçün aparılan danışıqlar Ermənistanda narahatlıq yaradır. Lap biz indiki məqamda təyyarələri almasaq da, Rusiya ilə hərbi mövzuda apardığımız danışıqlar düşmən tərəfdə təşviş oyadır. Buna görə də Rusiya ilə əməkdaşlığı davam etdirmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olublar.

Azərbaycan nümayəndə heyətinin üzvləri Rusiyanın Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən hərbi zavodlarına baş çəkiblər. Rusiyanın qlobal silah bazarının liderlərindən biri olan “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə ölkəmizin Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib.

Nümayəndə heyətimizə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti, silahlanması, ümumilikdə aviasiya vasitələrinin istehsalı, istismarı və onlara texniki xidmət göstərilməsi barədə brifinqlər təqdim olunub.

Rusiya tərəfi öz növbəsində Azərbaycana Hərbi Hava Qüvvələrimizin ehtiyaclarını ödəyəcək sayda döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduqlarını bildiriblər.

Hərbi pilotlarımız Rusiyanın hərbi aviabazalarında MiQ-35 təyyarəsində praktiki uçuşlar yerinə yetirib.

Digər xəbərlər