Suriyada və İraqda terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində radikal-dini ekstremist cinayətkar birliyə üzv olmaqda, Suriya, İraq dövlətlərində təlim və döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, çıxışında Həsrət Əliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Həsrət Əliyevin həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Digər xəbərlər