Siyəzəndə evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un Şimal bürosuna verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cari ilin mart ayının 9-da rayonda yerləşən evlərin birindən 3 500 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən rayonun Yenikənd kənd sakini Ə.Fərzəliyev tutulub.
Dindirilmə zamanı Ə.Fərzəliyev törətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, Ə.Fərzəliyevin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.