Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 28-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində baş verib. 19 yaşlı S.Məmmədov idarə etdiyi avtomobillə 2011-ci il təvəllüdlü yerli sakin Məmmədova Zəhra Telman qızını vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.