Şəmkirdə 28 qoyun yanaraq tələf olub

Şəmkir rayonunun Sabirkənd kəndində tövlə yanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın kənd sakini Telman Əliyevə məxsus, sahəsi 60 kvadratmetr olan tövlədə baş verib.

Daha sonra alov yaxınlıqda yerləşən, Fərqanə Məmmədovaya məxsus tövləyə də keçib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovu söndürüblər.

Yanğın nəticəsində Telman Əliyevə məxsus tövlə tamamilə yanıb. Tikilidə olan 30-a yaxın qoyundan 28-i yanaraq tələf olub.

Həmçinin, alovun keçdiyi Fərqanə Məmmədovaya məxsus, sahəsi 70 kvadratmetr olan tövlənin yanar konstruksiyaları da yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Təsərrüfat sahiblərinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər