Qusarda yol qəzasına düşənlər Şair Ramaldanovun qardaşının ailə üzvləridir - YENİLƏNİB-3

Qusarın Yuxarı Ləyər kəndində baş vermiş yol qəzasında ölənlər Birinci Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanovun qardaşı, İlham Ramaldanovun ailə üzvləridir.

"Report"un xəbərinə görə, bu barədə Hərbi ekspert Üzeyir Cəfərov bildirib.

O bildirib ki, qəza zamanı İ.Ramaldanovun qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı C.Bağırova ölüblər.

Hadisə zamanı ailənin daha 4 üzvü müxtəlif xəsarətlər alıblar.

Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qusar Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

2022-ci il təvəllüdlü (hər ikisi kişi) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qusardakı yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Yuxarı Ləyər kəndində KİA markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər; 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.

Qəza zamanı sürücü, 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, sərnişinlər; 2022-ci il təvəllüdlü A. və A. Qoşqar oğlu Rəhimovlar (əkizlər) və 2017-ci il təvəlludlü R. Rəhimov xəsarət alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, qəzaya uğrayanlar Bakı şəhər sakinləridir və bir ailənin üzvləridir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən KİA markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28