Sumqayıt Apelyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin apelyasiya şikayətinə baxılıb.
"Report"un xəbərinə görə, hakim Elman Əhmədovun sədlik etdiyi kollegiyanın qərarı ilə onların barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Zərbəliyev 12 il 6 ay, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dəstə üzvləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə quldurluq etməkdə təqsirli biliniblər.
Quldurluq hadisəsi bu il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində baş verib. Gecə saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən üç maskalı şəxs onun və xanımı Gülyaz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıblar.
Onlar hər iki şəxsi döyərək evdən 12 min manat, 3 min ABŞ dolları və 100 min rubl (2990 manat) aparıblar.