Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Şahin Bədəlovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxışında Ş.Bədəlovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Janna Bağırova müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.
Məhkəmənin növbəti iclası iyulun 30-na təyin edilib.
Qeyd edək ki, quldurluq hadisəsi Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib.
Bakı şəhər sakini Sərdar Məmmədova məxsus mağazaya gəlmiş naməlum şəxs onun 100 manatını alaraq, hadisə yerindən qaçıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Bədəlov tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya siıah qismində istifadə edilən əşyaları tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb.