Bakı Apelyasiya Məhkəməsində Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirovun apelyasiya şikayətinə baxılıb.
"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, “Çukurova-Su İstilik Quraşdırma Birgə Müəssisəsi” MMC barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yasamal Rayon Məhkəməsinin 7 iyun 2019-cu il tarixli qərarı ləğv edilib. İş baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci (dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Çukurova-Su İstilik Quraşdırma Birgə Müəssisəsi” MMC Azərbaycan rayonlarında su-kanalizasiya sistemlərinin çəkilməsi və yenidən qurulmasını həyata keçirən şirkətdir.