Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Elektrik yuvalarının üstü açıq olub

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə istintaqı hakim heyətində dəyişiklik olduğu üçün yenilənib.

"Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda prosesin qalan yerdən davam etdirilməsi üçün tərəflərin fikirləri soruşulub.

Təqsirləndirilən şəxslərin vəkilləri bu vaxta kimi aparılan məhkəmə istintaqından tərkibə daxil olan iki hakimin də məlumatlarının olması üçün məhkəmə istintaqının yenidən başlamasını istəyiblər. Zərərçəkən tərəfdən bir neçə nəfər buna etiraz edib.

Hakim Leyla Əsgərova-Məmmədova deyib ki, tərkibə yeni daxil olan iki hakim cinayət işi ilə tanış olub. Hakim bu səbəbdən ittihamın nəticəvi hissəsinin elan edilməsi, sonra prosesin qaldığı yerdən davam etdirilməsi ilə bağlı qərar verib.

Belə ki, proses Şahid Təbriz Nəzirlinin ifadəsi ilə davam edib.

O deyib ki, Perinatal Mərkəzdə mühəndis işləyib. Şahid tibbi avadanlıqların quraşdırılması, onların təmiri ilə məşğul olduğunu bildirib.

"Mərkəzdə elektrik yuvalarının üstü açıq idi. Bu barədə elektrikə, eləcə də Mehriban xanımın özünə demişdim. Hadisədən 1 gün əvvəl də mərkəzdə idim. Hadisədən sonra cihazlara mütəxəssislər baxmışdılar. Həmin vaxt mən kənarda idim", - şahid deyib.

Mehriban Abasquliyevanın vəkili şahidin yalan danışdığını və hadisədən bir gün qabaq orada olmadığını deyib.

Şahid Təbriz Nəzirli suallara cavab verərkən deyib ki, küvəzlərin sayı çoxaldıqca məcburiyyətdən uzadıcılardan da istifadə olunub. O, mərkəzdə uzadıcılardan istifadə etməməyi tövsiyə etdiyini deyib. Cavabında isə uzadıcılardan məcburiyyətdən istifadə etdiklərini deyiblər. Şahid bildirib ki, elektrik uzadıcılarından istifadə etməyin qadağan olunduğunu ona kimsə deməyib. Təbriz Nəzirli şəxsi bilikləri əsasında uzadıcıların istifadə edilməməsi qənaətinə gəlib. Şahid əlavə edib ki, bir neçə cihazı uzadıcı ilə birləşdirəndə uzadıcıda gərginlik artır. O qeyd edib ki, mərkəzdə baş verən yanğın bu səbəbdən də ola bilər.

Təqsirləndirilən şəxslərdən birinin vəkili şahidin ifadəsinə münasibət bildirərkən deyib ki, yanğının uzadıcıda yox, aparatda baş verdiyi videogörüntüdə aydın müşahidə olunur.

Növbəti iclas yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Digər xəbərlər