Naxçıvanın həbsdə olan sabiq agentlik sədri: Pullar Seymur Talıbova çatdırılırdı

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" (AAYDA) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin ifadəsi dinlənilib.

Təqsirləndirilən şəxs Bəhruz Əsgərov bildirib ki, o, 2009-cu ildə "Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti"nə baş direktor vəzifəsinə təyin edilib: "Daha sonra publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışmışam. Qurumun 8 idarəsi olub və azad olunana kimi mənə heç kim heç nə deməyib. Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparıldı və aparılan yoxlamaların heç birində mən iştirak etməmişəm. Bəzi idarələrin 2018-ci ildə olacaq yoxlamaları 2023-cü ildə başladıldı. Bizə sifarişlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən gəlirdi, buna uyğun olaraq forma 2-lərin əsasında pul ayrılırdı. Ayrılan pullardan Səbuhi Məmmədovun xəbəri var idi. Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov sifarişi verirdi, gedib baxırdıq, ölçürdük. Çəkiləcək yola ayrılan vəsaitin üzərinə əlavə olaraq 12 faiz qoyulurdu. Sonra iclas olurdu hər ay, iclasda gördüyüm işlər barədə məlumat verirdim. Sonra baş nazir Səbuhi Məmmədov sərəncam imzalayırdı, pul ayrılırdı".

"Yol idarələrinin müdirləri 10 faizləri gətirib mənə verirdilər, mən də elə həmin gün aparıb Hicran Rüstəmova verirdim. O da pulu Seymur Talıbova (red. Vasif Talıbovun oğlu) çatdırırdı. 2022-ci ilədək bu belə davam edirdi. Digər 2 faiz isə bank xərclərinə gedirdi.

Aldığımız "bonuslara", paketlərə gəlincə, bunu maaşlarımızın az olduğuna görə alırdıq. Məsələn, mühəndis 350 manat, digər işçilər daha az maaş alırdı, aldığımız bonuslar gördüyümüz işə görə verilirdi. Bu, Ali Məclisi sədrinin tapşırığı idi. Pulların hamısını Maliyyə Nazirliyi görürüdü. 12 faizin 2 faiz bank hesablarına gedirdi, qalan 10 faizi isə aparıb Hicran Rüstəmova verirdim".

Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ildə Maliyyə nazirliyin Mübariz adlı işçisi yanıma gəlib:

"Mübariz yanıma gələndə özü ilə bərabər Cavid adlı biri ilə gəlmişdi. Bildirdi ki, bəs buna 20 min manat ödəniləcək, asfaltın qalınlığını yoxlayacaqlar. Nazirlər Kabinetinə məlumat verdim, Maliyyə naziri Həsən İsmayılova bildirdim, etiraz etdim. Sonra Mübariz dedi ki, görərsiz, başınıza oyun açacağıq. Mən də dedim ki, tenderdən kənar qorxuram, onlar da tərs düşdülər. Fuad Nəcəfli gələnə kimi 2 min manata yaxın maaş alırdım. Özü Bakıya zəng etdi, ezam kimi bir nümayəndəmizi göndərdik, əməkhaqqılarımız onların maaşlarına uyğun olaraq tarazlaşdırıldı.

Özümü qismən təqsirli bilirəm. Bilsəydim belə olacaq, heç əvvəldən burada işləməzdim".

Məhkəmənin prosesi mayın 1-dək təxirə salınıb.

Qeyd edək ki, Bəhruz Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər