Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatlar aşkarlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar nazirliyin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 mm top mərmisi, 3 ədəd RPQ-7 mərmisinin idarə olunmayan mühərriki, 3 ədəd 30 mm AQS mərmisi, 1 ədəd 2A42 topunun gilizi, 5 ədəd müxtəlif döyüş başlığı, 1 ədəd minaatan mərmisinin arxa pəri və 1 ədəd TM-62 tipli tank əleyhinə mina olduğu müəyyən olunub.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.