Nardaranda evində narkotik becərən 61 yaşlı kişiyə hökm oxunub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə yetişdirməkdə və satmaqda ittiham edilən 1957-ci il təvəllüdlü Seyfulla Bədəlovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Bədəlov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan S.Bədəlov saxlanılıb.

Onun Nardaran qəsəbəsində yerləşən evinin həyətinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 171 ədəd çətənə kolu və ümumi çəkisi 6 kiloqram 245 qram marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkini özü əkdiyini və həmin çətənə yarpaqlarını yığaraq qurutduğunu bildirib. 

Digər xəbərlər