"Akif Çovdarov işi"ndə zərərçəkmiş oğlunun məhkəməsində ifadə verib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Sona Babayeva ifadə verib.

O deyib ki, mənzil almaq üçün təqsirləndirilən E.Əsədova 57 min manat pul verib. Zərərçəkmiş hazırda həmin mənzildə yaşadığını, amma başqa şəxsin də iddialı olduğunu qeyd edib.

E.Əsədov isə söyləyib ki, həmin evi şirkətin sədr əvəzi olan Habil Fətəliyevdən alıb. O, S.Babayevaya ev satdığını təsdiqləyib. E.Əsədov başqa bir şəxsin də həmin mənzilə görə kiməsə pul verməsindən xəbərsiz olduğunu vurğulayıb.

Daha sonra şahid qismində S.Alışovun atası, "Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışov dindirilib.

Oğlunun günahsız olduğunu deyən C.Alışovun sözlərinə görə, S.Alışov şirkətdə heç bir rəsmi sənədə imza atmayıb, ümumiyyətlə, o, vəzifəli şəxs olmayıb: "Samir, sadəcə, binanın qaz, işıq, su problemlərinə nəzarət edib. Mən ona satış üçün heç bir səlahiyyət verməmişəm. Şirkətin təsisçisi, sədri olmuşam. Sonra da sədrin səlahiyyətlərini icra erməsini Habil Fətəliyevə tapşırmışam".

Məhkəmədə elan olunub ki, C.Alışov H.Fətəliyevə verdiyi boş maliyyə arayışlarını və blankları əvvəlcədən imzalayıbmış: "Mən həmin sənədləri imzalamışdım ki, nə vaxtsa alqı-satqı olsa, istifadə eləsinlər. Həmin sənədlər evini başqasına satmaq istəyənlərə verilmək üçün nəzərdə tutulmuşdu. Habilin həmin evləri təkrarən satmasından xəbərsizəm".

Məhkəmə zalında olan zərərçəkmişlər C.Alışovun yalan danışdığını deyiblər.

Prosesdə dələduzluq etməkdə təqsirli bilinərək hazırda həbsdə olan H.Fətəliyev də şahid qismində ifadə verib.

H.Fətəliyev dindirilərkən bütün günahı öz üzərinə götürüb. O, bir evi bir neçə nəfərə satdığını, sənədləri saxtalaşdırdığını deyib. O, etdiyinin cəzasını çəkdiyini söyləyib.

H.Fətəliyev zərərçəkmişlərin hər birinin problemlərinin həll ediləcəyini bildirib.

Məhkəmənin növbəti iclası 2019-cu il yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, S.Alışov və E.Əsədov bir mənzili təkrarən sataraq dələduzluq etməkdə təqsirli bilinirlər.

Cinayət işi üzrə 22 zərərçəkmiş var.

“Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov da eyni əmələ görə həbs edilib. Hazırda onun ibtidai istintaqı davam etdirilir.

Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04