Cəlilabad rayonunda bir neçə gün davam edən intensiv yağışlar nəticəsində onlarla istixanaya ziyan dəyib.
Belə ki, rayon ərazisindən keçən Mişarçayın daşması nəticəsində Göytəpə şəhərində, Maşlıq və Muğan kəndlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb. Əkinlər məhv olub.
“Report”un Muğan bürosunun əməkdaşı daha çox əkin sahələri subasmaya məruz qalan rayonun Muğan kəndində olub. Kənd sakinləri deyir ki, əkin sahələrinə kifayət qədər maddi vəsait qoymuşuq: “Ziyanın qarşılanmayacağı halda müflis olacağıq”. Həmçinin onlar yağış sularının vaxtında əkin sahələrindən kənarlaşdırılmadığını da iddia edirlər.
Məsələ ilə əlaqədar olaraq Cəlilabad rayon Muğan kənd dairəsi üzrə icra nümayəndəsi Rəzzaq İsparovla əlaqə saxladıq. İcra nümayəndəsi bildirib ki, fermerlərin düşdükləri vəziyyətdən xəbərdardırlar: “Tezliklə dəymiş ziyanın araşdırılmasına başlanılacaq”.