Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Sprinter" və "Shacman" markalı avtomobillərin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə "Mercedes Sprinter" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cavadov Orxan Əlicavad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.