Bakıda sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə bir nəfərin ölümündə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə bir nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Xədicə Allahverdiyevaya hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən 19 yaşlı X.Allahverdiyeva 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzası şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

O, üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan da məhrum edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 15-də Binəqədi-Mehdiabad yolunda qeydə alınıb.

Belə ki, X.Allahverdiyevanın idarə etdiyi “Mercedes” markalı avtomobillə Rauf Abbasovun sürdüyü “Toyota Prius”la toqquşub. Nəticədə avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Xumarə Hüseynova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib, X.Allahverdiyeva isə xəsarətlər alıb. Onları maşından Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri çıxarıb.

X.Allahverdiyeva qəzadan sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib, onun sürücülük vəsiqəsi olmayıb, idarə etdiyi avtomobil isə atasının adına olub.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər