Bakıda obyektdə baş verən yanğın söndürülüb, 6 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB-4

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın tam söndürülüb.

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kv.m. sahədə, eləcə də 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi yanıb.

Binanın böyük hissəsi yanğından mühafizə edilib.

Bakıda obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir.

4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub.

Müxbir: Sevil Seymur

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinə imkan verilməyib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Bakının mərkəzində yerləşən binada yanğın baş verib və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-dən "Report"a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar təhlükəsiz əraziyə təxliyə edilib.

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyekt yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Qeyd edək ki, baş vermiş yanğınla bağlı polis əməkdaşları əraziyə cəlb olunublar.

Digər xəbərlər