Bakıda həmyerlisini bıçaqlayan Özbəkistan vətəndaşı məhkəməyə müraciət edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Özbəkistan vətəndaşı Oybek Axmedov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 4-nə təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Hadisə ötən ilin dekabr ayında Sabunçu qəsəbəsi, Şəhər şosesindəki mənzildə baş verib. Həmin mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb. O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Axmedov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan O. Axmedov apellyasiya şikayəti verib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39