Bakıda ərini öldürən qadının vəsatəti təmin edilməyib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin təhqiqi mərhələsinin başlandığı elan olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, müvəkkilinin barəsində yenidən Məhkəmə Psixoloji Ekspertizanın keçirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib.

Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb.

Hadisəni törədən qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.

Xatırladaq ki, ər və arvadın birgə nikahdan iki övladı var.

Digər xəbərlər