Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məlik Meybullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Meybullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Bakının Binəqədi qəsəbəsində baş verib. M.Meybullayev idarə etdiyi avtomobillə piyada, 6 yaşlı Turan Tahirlini vurub.
Xəstəxanaya çatdırılan T.Tahirli 17 gündən sonra orda dünyasını dəyişib. T. Tahirlinin fiziki qüsurlu olduğu müəyyən edilib.