Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin (CM) 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay və Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs olunub. Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.
Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs edilib. O və oğulları CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 11 il, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, mətbuatda Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb. Bir müddət əvvəl isə o, müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası qaldırıb.