Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov barələrində olan hökmdən apellyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə araşdırılacaq.
Həmin şəxslər cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
İttiham aktına əsasən, V.İbrahimov, E.Şirinov, V.Həsənov və Y.İsmayılov Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla, ümumilikdə, 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V,İbrahimov 8 il, E.Şirinov 6 il 6 ay, V.Həsənov 3 il, Y.İsmayılov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.