İtaliyanın "Roma" klubunda ciddi kadr islahatları aparılacaq.
"Report"un "Corriere dello Sport"a istinadən məlumatına görə, paytaxt təmsilçisinin rəhbərliyi növbəti mövsüm komandaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, heyəti yenidən formalaşdırmaq niyyətindədir.
Klubun yayda yollarını ayıracağı 7 futbolçudan ibarət siyahı artıq müəyyənləşib. Bunlar Artyom Dovbik, Stefan Əl-Şaravi, Brayan Saraqosa, Lorentso Venturino, Evan Ferqyuson, Kostas Simikas və Zeki Çelikdir.
Paulo Dibala, Devayn Renş, Anhelinyo və Lorentso Pelleqrininin gələcək taleyi isə hələlik sual altındadır. Maliyyə qaydalarına əməl etmək üçün klub böyük tələbat olan Kuadio Kone və Evan Ndikanı da sata bilər.
Qeyd edək ki, "Roma" İtaliya A Seriyasının turnir cədvəlində 57 xalla 6-cı yerdə qərarlaşıb.