"Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda istəkli idi".
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçıisi Rəşad Sadıqov "Sumqayıt" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis çoxlu qol imkanlarının olduğunu bildirib: "Amma bundan yararlana bilmədik. Komandanın oyunu düzələndən sonra nəticə gələcək".
Sadıqov heyətdən kənarlaşdırılaraq transferə çıxarılan Təmkin Xəlilzadə və İlkin Muradov haqqında da danışıb: "Hamı bilir ki, bu futbolçulara çox dəstək olmuşam. Detallara varmaq istəmirəm. Bu oyunçulara qayğı göstərmişəm. Müəyyən səbəblər var ki, belə qərarlar qəbul etdik. Hər ikisi yaxşı futbolçudur. Onlara gələcək karyeralarında uğurlar arzulayıram".
Baş məşqçi kollektivdə qarşıdurmanın olmadığını söyləyib: "Biz ailə kimiyik. Hamısına böyük qardaş olmuşam. Xüsusilə də yerlilərə qayğı göstəmişəm. Bunun da qarşılığında müəyyən şeylər gözləyirəm. Onu almayanda məyus olursan. Yol göstərirsən, söhbət edirsən. Tələblərinə uyğun gəlmirsə və bu, uzun müddət davam edirsə, qərar qəbul etməlisən. Hazırda sol cinah müdafiəçisi axtarırıq. Əlimizdə yalnız Slavik Alxasov var. Transfer etmək də çətindir".
Mütəxəssis rəqibin müdafiədən çıxış etməsinə də münasibət bildirib: "Onlardan belə oyun gözləmirdim. Çünki yaxşı futbolçuları var. "Qarabağ"a qarşı yaxşı mübarizə aparmışdılar. Meydanda dominant idik, amma bunu nəticəyə çevirə bilmədik".