Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
"Report"un məlumatına görə, günün ilk matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası son ölkə çempionu "Neftçi"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərinin qolunu 28-ci dəqiqədə Rafael Utriq, qonaqların qolunu isə 39-cu dəqiqədə Emin Mahmudov vurub. Mahmudov 54-cü dəqiqədə penaltidən yararlana bilməyib. 89-cu dəqiqədə "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Xallarının sayını 26-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Neftçi" 22 xalla "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Sumqayıt" "Keşlə"ni qəbul edəcək. Tura dekabrın 16-da oynanılacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.