Fred Qrim: "Qarabağ" çox yaxşı komandadır"

"Qarabağ" çox yaxşı komandadır.

"Report"un məlumatına görə, bunu Niderlandın "Ayaks" komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim Bakıdakı mətbuat konfransında deyib.

60 yaşlı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı danışıb:

"Klubdakı insanlar bizə dəstək olurlar. Bu da bizə ümid verir. Səyahətimiz yaxşı keçib. Azarkeşlərimiz bura gəldiyi üçün xoşbəxtik. "Qarabağ" çox yaxşı komandadır. Onların oyunlarını izləmişəm. Futbolçuları texniki cəhətdən yaxşıdır. Sabahkı matç bizim üçün vacibdir".

O, futbolçularına inandıqlarını vurğulayıb:

"Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Bu matçda da futbolçulara hazırkı durumlarına əsasən şans verəcəyik. İnkişaf etməyə çalışırıq".

Mütəxəssis UEFA Çempionlar Liqasındakı əvvəlki matçlarda məğlub olduqlarını xatırladıb:

"Oyundan-oyuna dəyişikliklər olub. Hazırda danışmaq çətindir. Bu turnirdə xalsız qalmaq pisdir. Biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirdik. Sabah xal qazanmaq niyyətindəyik".

F.Qrim "Ayaks"ın hər matçda qələbə qazanmaq istədiyini deyib:

"Yeddi xalı olan rəqibə qarşı oynayacağıq. Meydanda əlimizdən gələni edəcəyik. Bu görüş bizim üçün çox önəmlidir".

O, "Qarabağ" haqqında da xoş fikirlər səsləndirib:

"Rəqibin oyunlarını izləmişik, təhlil etmişik. Balanslı və böyümüş komandadır. Hücumlara sürətli çıxırlar. Buna qarşı planlarımız var. Hətta onlar yaxşı müdafiə olunurlar və ağıllı oynayırlar. Nəticəni sabah birlikdə görəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Digər xəbərlər