"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
"Report"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub.
"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.
Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.
Start həyəcanını boğa bilməyən "köhlən atlar" buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb. Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. "Qarabağ" 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qaldıqdan sonra VAR-a müraciət olunsa da, matçın belçikalı baş hakimi Erik Lambrexts "Qarabağ"ın aşkar penltisini təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib.
G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq.
00:06
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.
"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri 2:1 hesabı ilə öndədir.
23:49
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ilk hissə başa çatıb.
"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıblar.
Bundesliqa təmsilçisinin heyətində 7-ci dəqiqədə Vinçentso Qrifo penaltini dəqiq yerinə yetirib. 15-ci dəqiqədə Ritsu Doan fərqi iki topa çatdırıb. 39-cu dəqiqədə isə "köhlən atlar"ın heyətində Marko Veşoviç fərqi azaltmağa müvəffəq olub.
23:41
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.
"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, "köhlən atlar"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib.
Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir.
23:15
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.
"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Ritsu Doan 15-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.
23:08
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.
"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb.
Baş hakim VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib.
23:00
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.
"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.
G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlir.