Bakı. 13 sentyabr. REPORT.AZ/ Monakodakı "Stade Marquet" stadionuna Fransa milli komandasının baş məşqçisi Didye Deşamın adı verilib.
"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, həmin arena 49 yaşlı mütəxəssisin şərəfinə "Didye Deşam Stadionu" adlandırılıb. Mərasimdə Deşam, həyat yoldaşı və oğlu ilə yanaşı Monako şahzadəsi II Albert də iştirak edib.
Qeyd edək ki, Fransa Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. Doğulduğu Bayonne şəhərində də Didye Deşamın adına stadion var.