Azərbaycan millisinin baş məşqçisi: "Haiti yığmasına qalib gəlmək istəyirik"

Haiti millisinə qalib gəlmək istəyirik.

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis sabahkı matçın çətin keçəcəyini söyləyib:

"Meydana çıxacaq futbolçuları müəyyənləşdirmişəm. Təbii ki, heyəti burda söyləyə bilməyəcəm. Keyfiyyətli futbolçulardan təşkil olunmuş yığmaya qarşı çıxış edəcəyik. Rəqibin son 5-6 oyunlarını izləmişik və təhlil etmişik. Məşqlərdə onların oyun üslublarına qarşı hazırlaşmışıq. Rəqib daha çox hücum futboluna önəm verir. Haiti top itkisindən sonra toparlanıb, yenidən hücuma çıxmağa çalışan bir yığmadır. Məşqlərimiz yüksək səviyyədə keçib. Haiti millisinə qalib gəlmək istəyirik. Düzdür, bu görüş bizə xal qazandırmayacaq. Lakin yığma olaraq uduzmaq istəmirik".

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.

Digər xəbərlər