Elvin Quliyev: "Çexiya ilə oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi"

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Çexiya ilə keçirilən matçda heç-heçə ədalətli nəticə olardı.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Elvin Quliyev deyib.

Mütəxəssis Fridek-Mistekdəki "Hala Polarka" İdman Arenasında baş tutan qarşılaşmanı şərh edib:

"Oyunun bizim üçün təzyiqli keçəcəyini bilirdik və buna hazır idik. Təhlillər zamanı rəqibin üstün və zəif tərəflərini müzakirə etmişdik, lakin oyunun əvvəlində qol epizodlarından yararlana bilmədik. Birinci hissədə iki texniki səhvdən sonra qol buraxdıq. İkinci hissədə oyuna nəzarəti özümüzdə nisbətən saxladıq və yenə də epizodların birində fərqlənə bildik. Oyuna görə heç-heçə ədalətli nəticə olardı".

O, komandanın epizodlardan fərqlənməkdə çətinlik çəkdiyini diqqətə çatdırıb:

"Qol epizodları olmasaydı, narahat olardım. Lakin kifayət qədər qol vurmaq üçün imkanlarımız var idi. İkinci hissədə hesabı 1:2 edəndən sonra rəqib üzərimizə gəlməyə risk etmirdi və qapanmışdı. Fərqlənmək üçün imkanımız oldu. Futzal sürətli oyundur, meydanda səhvi düzəltmək üçün elə də çox zaman olmur. Hər iki qolu mərkəzdə top itkisindən sonra buraxdıq. Bunun üzərində işləyəcəyik".

E.Quliyev fiziki hazırlıq və azarkeş dəstəyi barədə də fikirlərini bölüşüb:

"Zalda futbol atmosferi var idi və komanda olaraq buna uyğunlaşmalıyıq. Bu, oyunumuza mənfi təsir etmədi, komanda qələbə üçün sona qədər çalışdı. Fiziki durum tam istədiyim kimi deyil. Oyun günləri yaxın olduğu üçün tam fiziki hazırlığa yönələ bilmirik".

Müvəqqəti baş məşqçi planlardan söz açıb:

"Hazırda komanda istirahətdədir, oktyabrın 20-dən plan üzrə məşqlərə davam edəcəyik. Çexiya - Latviya oyununa görə Çexiyadayam. Matçı izləyəcək və qeydlərimi aparacağam. Sona qədər qrupdan birbaşa və ya pley-offa çıxmaq üçün çalışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi 12-ci qrupdakı ilk matçında Çexiyaya 1:2 hesabı ilə məğlub olub. Komanda noyabrın 5-də Lənkəranda Çexiya, bundan 3 gün sonra isə Bakı İdman Sarayında Latviya ilə qarşılaşacaq.

Digər xəbərlər