Bakı. 5 noyabr. REPORT.AZ/ "Avropa Liqasında mübarizəmizi davam etdirmək istəyiriksə, sabah əlimizdən gələni etməli və hücum futbolu oynamalıyıq". "Report"un məlumatına görə, bunu Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Azərbaycanın "Qarabağ" komandası ilə noyabrın 6-da keçirəcəkləri Avropa Liqasının oyunu öncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, komandası üçün itiriləcək bir şey yoxdur. Həm Ukrayna çempionatı, həm də Avropa Liqasında mübarizə aparacaqlarını deyən Markeviç "Dnepr"in həmişə iddialı olduğunu vurğulayıb. Amma o, həftəsonu ölkə çempionatında "Şaxtyor"la keçirəcəkləri oyunu düşünərək, bəzi futbolçulara istirahət vermələrinin mümkünlüyünü dilə gətirib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçı saat 21:00-da başlayacaq.