Azərbaycan basketbol millisinin baş məşqçisi: “Ən böyük problemlərimizdən biri təcrübə çatışmazlığıdır" - MÜSAHİBƏ

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev “Report”a müsahibə verib. Mütəxəssis yığmanın dünya çempionatının seçmə mərhələsində İrlandiya, İsveçrə və Kosovoya qarşı keçirdiyi oyunları dəyərləndirib. O, heyət və postunda qalıb-qalmayacağı ilə bağlı sualı da cavablandırıb.

- Komandanın seçmə mərhələdəki çıxışını necə dəyərləndirirsiniz?

- Yığma 10 ildən çox idi ki, bu cür turnirlərdə iştirak etmirdi. Bu da sözünü meydanda deyirdi. Ən böyük problemlərimizdən biri təcrübə çatışmazlığıdır. Ancaq uşaqların qələbə qazanmaq istəmədiklərini deyə bilmərəm. Nəinki İrlandiya, hər bir rəqiblə oyuna qələbə qazanmaq üçün çıxırdılar. Daha güclü olmaq üçün nəyin üzərində işləmək lazım olduğunu gördülər. Avropanın hər ölkəsində basketbol yüksək templə inkişaf edir. Biz də geri qalmamağa çalışırıq. Yığma belə yarışlarda nə qədər çox iştirak edib təcrübə toplasa, gələcəkdə bir o qədər yaxşı olacaq. 

- Uğurlu çıxışa əsasən nə mane oldu?

- İdmanda olmayan insan da bilir ki, 10 il hansısa çempionatda iştirak etməmisənsə, birdən-birə nəticə qazanmaq çətindir. Düzdür, hamı istəyir ki, nəticə olsun. Vuruşurduq, Kosovoya qarşı pis oynamadıq. Səfərdə İralndiya ilə oyundan əvvəl yol yorğunluğu, bundan əlavə, Orxan Aydının zədəsi var idi. Qayıdandan sonra heç məşq etmək üçün vaxtımız da olmadı. Deməzdim ki, İrlandiya və Kosovo bizdən bir baş güclü idi. Demək olar eyni səviyyəli komandalardır. Baxmayaraq ki, bu rəqiblər daim belə yarışlarda iştirak edirlər. Əsasən təcrübə məsələsini qabartmaq istərdim. Bəzi məqamlarda düzgün qərar vermək lazım idi, amma təcrübəsizlik mane oldu. Daha çox oynamalıyıq. Uşaqlar öz üzərlərində işləməlidirlər. Gələcəkdə daha yaxşı nəticələr qazanacağımıza inanıram.

- Rəqiblərdən daha hansı cəhətlərdə geridə qalırdıq?

- Kosovo, İrlandiya kimi komandlarla arada 30-31 xal fərq olurdu. Amma İsveçrə ilə başabaş oynaya bilirdik. Daha çox oyun keçirsək, nəticələr gələcək.

- Seçmə mərhələdə kimlər ümiləri doğrultdu və ya əksinə, gözlədiyinizi görmədiniz?

- “12-liy”i məşqçilər korpusu birlikdə müəyyənləşdirmişdik. Yığmada oynamaq istəyənlər üçün qapı hər zaman açıqdır. Ən yaxşılar heyətə cəlb olunurlar. Hazırkı oyunçular yığmada yerlərini haqq etmişdilər və meydanda qələbə qazanmaq üçün bacardıqlarını ortaya qoyurdular. 

- Hansı basketbolçular üzə çıxdı, kimi tapıntı kimi qələmə vermək mümkündür?

- Bu, komandadır, heç birini ayırmaq istəmirəm. Deyə bilmərəm kimsə yaxşı və ya pis oynadı. Bu, ola bilməz. Hamı yaxşı oynayıb birlikdə qələbə qazana bilər.

- Heyətdə hansı dəyişikliklərə ehtiyac var? Ümumiyyətlə, dəyişiklik etmək fikrindəsiniz?

- Gəncləri izləyirik. Seçmə mərhələdən əvvəl hazırlıq prosesinə 6-7 gənc basketbolçu cəlb olunmuşdu. Hansı ki, yaşları 16, 17, 18 idi. Gələcəkdə onlardan da çox şey gözləyirik. Bu dəfə heyətə düşmədilər. Amma bir neçə ildən sonra hazırkı oyunçulardan daha güclü ola bilərlər. Əlbəttə, özləri də bunu başa düşürlər. İzləyəcəyik, ən yaxşılar komandaya dəvət alacaq. 

- Nəticələrlə bağlı federasiyaya hesabat verəcəksiniz? 

- Əlbəttə, verəcəyik. 

- Əsasən hansı məqamları vurğulyacaqsınız?

- Böyük hesabat olacaq və bu, federasiya daxilində qalacaq. Bir çox məqamlarla bağlı müzakirələr aparacağıq. Demirəm ki, təkcə hansısa problemlərdən danışacağıq. Çalışacağıq ən yaxşısını edək.

- Planlarınız necədir, istefa verməyi düşünmürsünüz?

- Federasiya rəhbərliyi də başa düşür ki, komanda son 10 ildə ilk dəfə belə yarışa qatıldı. Ona görə də hesabat zamanı planımızda nə varsa, müzakirə edəcəyik.

- Şəxsi fikriniz necədir, baş məşqçi kimi davam etmək istəyirsiniz, yoxsa yorulmusunuz?

- Xeyr, yorulmamışam. 30 ildir basketbolla məşğulam. 10 il millinin kapitanı olmuşam, uşaqları yaxşı tanıyıram. Gələcəkdə yığmanın daha yaxşı nəticələr qazanması üçün əlimdən gələni etməyə hazıram. 

Digər xəbərlər