UEFA Avropa Liqasında final oyunu keçirilib.
"Report"un məlumatına görə, həlledici görüşdə İspaniyanın "Vilyarreal" və İngiltərənin "Mançester Yunayted" komandaları üz-üzə gəlib. Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçirilmiş görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. 29-cu dəqiqədə Jerar Moreno "Vilyarreal"ı irəli çıxarsa da, 55-ci dəqiqədə Edinson Kavani "Mançester Yunayted"in bərabərlik qolunu vurub.
Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib. Bu səbəbdən, fransalı FIFA referisi Kleman Türpen penaltilər seriyası başlatıb. Bu zaman daha dəqiq olan "Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub - 11:10. Komandaların heyətindəki bütün 11 futbolçunun yerinə yetirdiyi ümumilikdə 22 zərbəni yalnız "Mançester Yunayted"in qapıçısı David De Xea dəqiq vura bilməyib.
Bu qələbə sayəsində "Vilyarreal" həm də 2021/2022 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb.