Arif Əsədov: "Sabah" psixoloji cəhətdən "Qarabağ"dan üstündür"

Misli Premyer Liqasının I turundan təxirə salınan oyunda "Sabah" psixoloji cəhətdən "Qarabağ"dan üstündür.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis vaxtilə baş məşqçi kimi çalışdırdığı "Sabah"ın psixoloji cəhətdən hazırda daha üstün olduğunu vurğulayıb:

"Son illərdə bu komandalar arasında oyunlar həm turnir cədvəli, həm xal ehtiyatı baxımından maraq doğurur. Amma bu matçı çempionluq uğrunda həlledici hesab etmək olmaz. Bu, sadəcə, bir çempionat oyunu kimi qiymətləndirilə bilər. Çünki qarşıda hələ iki dövrə var. Hazırkı durumları nəzərə alsaq, "Sabah" psixoloji cəhətdən bir qədər üstün görünür. Son oyunlardakı qələbələrə görə komandada ab-hava daha yaxşıdır. "Ayaks"a məğlubiyyətdən sonra "Qarabağ"da istər-istəməz psixoloji eniş yaşana bilər. Düşünürəm ki, "Araz-Naxçıvan" üzərində qələbə əhval-ruhiyyələrini müəyyən qədər düzəldib".

O, hər iki komandanın optimal heyətlə meydana çıxacağını düşünür:

"Məncə, "Qarabağ" UEFA Çempionlar liqasında oynadığı heyətə güvənəcək. Çünki Qurban Qurbanov "Araz-Naxçıvan"la görüşdə rotasiyalar həyata keçirmişdi. "Sabah" isə sabit heyətlə çıxış edir. Hansısa problemlər olmasa, fikrimcə, son matçdakı futbolçulara güvənəcəklər".

A.Əsədov həddən artıq istəyin "Sabah" üçün zərərli ola biləcəyini vurğulayıb:

"Bol qollu oyun gözləmirəm. Hətta daha ehtiyatla oynayacaqlarını deyərdim. Heç-heçə daha çox "Qarabağ"a sərf edə bilər. "Sabah" uduzacağı təqdirdə isə xal fərqi artacaq. Heç-heçə müəyyən mənada intriqanı saxlaya bilər. Real durumu nəzərə alsaq, "Sabah"ın müəyyən psixoloji üstünlüyü var, həm də evdə oynayacaq. Azarkeşlər istər-istəməz qələbə gözləyəcək. Amma bu reallıq komandaya mənfi təsir edə bilər. İstək məsələsi əks effekt də verə bilər".

Qeyd edək ki, "Sabah" - "Qarabağ" görüşü bu gün, saat 19:30-da "Bank Respublika Arena"da start götürəcək. 14 oyundan sonra Ağdam təmsilçisi 33 xalla birinci, Bakı klubu isə 31 xalla ikinci pillədə qərarlaşıb.

Digər xəbərlər