Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov 21 yaşadək futbolçulardan ibarət yığmaya baş məşqçi təyin olunmamasına münasibət bildirib.
"Report"a açıqlama verən mütəxəssis bu gün AFFA İcraiyyə Komitəsi tərəfindən U-21 millisinə baş məşqçi təyin edilən Ayxan Abbasova uğurlar arzulayıb.
"Ümid edirəm ki, Ayxan Abbasov işinin öhdəsindən layiqincə gələcək. AFFA-nın verdiyi qərarlara hər zaman olduğu kimi hörmətlə yanaşırıq. Təyinatdan öncə başqa məşqçilərlə, o cümlədən mənimlə də fikir mübadiləsi aparılmışdı. Yəqin hər bir mütəxəssislə ayrılıqda danışılıb və müəyyən kriteriyalara görə Ayxan Abbasov seçilib. Fərqi yoxdur, kim baş məşqçi olur-olsun, təki Azərbaycan futbolu irəli getsin", - A.Əsədov vurğulayıb.
Qeyd edək ki, U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasovla 2 illik müqavilə imzalanıb.