AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov "Araz-Naxçıvan" və "Qarabağ"ın futbolçularının cəzalanmasına mübasibət bildirib.
O, "Report"a açıqlamasında komandalar arasında keçirilmiş Misli Premyer Liqasının XXVI turunun oyununda yaşananlara toxunub.
E.Hüseynov qərarın qarşılaşmadan 5 gün sonra açıqlanmasına da aydınlıq gətirib:
"İntizam Komitəsi əldə olunmuş raportlara əsasən iclas keçirir. AFFA nümayəndəsi, hakim və hakim-inspektorun bizə təqdim etdiklərinə əsasən qərar çıxarırıq. İstədiyimiz vaxt toplantı keçirə bilmərik. Sənədlər gələndən sonra araşdırırıq, videolara baxırıq və iclas keçiririk".
Sədr "Qarabağ"ın oyunçularının növbəti matça iki gün qalmış cəzalandırılmaları barədə danışıb:
"Komandanın futbolçusu belə hərəkət edibsə, cəzasını verməyək? Cəza almalıdırsa, veriləcək. Komanda ilə birlikdə növbəti oyuna hazırlaşıb deyə, cəza verilməsin? AFFA İntizam Komitəsi təqdim olunan raportlara əsasən qərar çıxarır. Hakim "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santosa qırmızı vərəqə verib. Oyunda hadisələr baş verib. Musa Qurbanlı sarı vərəqə ilə cəzalandırılıb. Orada aqressiya var idi. Onu araşdırmalıyam. İntizam Komitəsində səsvermə hüququ olan 7 nəfər var. Təhlillərdən sonra qərar çıxarırıq. Əlimizdə material olmamış iclas keçirə bilmərik. Elvin Cəfərquliyevin hərəkətini oyunda görməmişdim. Dünənki iclasda videoya baxdıq, gördük ki, hadisəni törədib. Oyunçunu iki əli ilə boğur, rəqibi onu itələyir, yerdən durandan sonra yenidən eyni hərəkəti təkrar edir. Bu, təcavüzkar davranış hesab edilir. O da oyunda sarı vərəqə almayıb. Meydandakı baş hakimi qınaya da bilmirəm. O, epizodu görməyə bilər. VAR-dakı müdaxilə etməli idi. Mənim ixtiyarım yoxdur ki, referiyə deyim ki, niyə qırmızı vərəqə verməmisən? Amma biz epizodu gördükdən sonra qərar verdik".
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə bitib. Görüşün sonlarına yaxın iki komandanın futbolçuları arasında dava düşüb. Baş hakim Kamal Umudlu Felipe Santosa qırmızı vərəqə verərək meydandan kənarlaşdırıb. AFFA İntizam Komitəsi isə martın 13-də Santosa 4 (ikisi şərti), "Qarabağ"ın üzvlərindən Elvin Cəfərquliyevə və Musa Qurbanlıya 2 (biri şərti) oyunluq cəza verib.