"Aberdin"in baş məşqçisi: "Qarabağ"a səfərdə qalib gəlməyə çalışacağıq"

"Qarabağ"la ilk oyunumuz səfərdə olacaq. Orada yaxşı nəticə qazansaq, qrupa düşmək şanslarımızı saxlaya bilərik".

"Report"un məlumatına görə, bunu Şotlandiyanın "Aberdin" klubunun baş məşqçisi Stiven Qlass UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis bildirib ki, Bakıda Ağdam təmsilçisinə qalib gəlməyə çalışacaqlar: "Birinci məqsədimiz budur. Evdəki matçda isə azarkeşlərimizin də köməyi ilə bu səddi keçmək istəyirik. Qrup mərhələsinin bir addımlığındayıq. Bizi bu uğurdan cəmi 2 görüş ayırır".

Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 19-da, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.

Digər xəbərlər