Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə həyata keçirdiyi “Yaşayan tarix” layihəsi 9 May - faşizm üzərində Qələbə gününə həsr olunub.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, layihənin budəfəki qonaqları Böyük Vətən müharibəsinin veteranları olub.
Əsas məqsəd gəncləri müharibənin canlı şahidi olan veteranların taleyi ilə yaxından tanış etmək, onlarda vətənpərvərlik ruhunu artırmaq, Azərbaycan xalqının bu müharibədə qələbənin əldə edilməsində göstərdiyi əvəzsiz xidmətləri, xüsusən Bakı neftinin mühüm rolunu bir daha gündəmə gətirməkdir.
Qeyd edək ki, layihə 2011-ci ildən etibarən həyata keçirilir. Bu müddət ərzində Respublika üzrə Böyük Vətən müharibəsinin 435 nəfər veteranından müsahibə alınaraq, onlar haqqında qısametrajlı videoçarxlar çəkilib. 2012-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşayan Tarix” layihəsi çərçivəsində veteranların müsahibələrindən ibarət DVD disklərin I, II, III, IV, V və VI hissələri buraxılmış və onların iştirakı ilə geniş təqdimat mərasimləri keçirilib. Müsahibələri tələbələr alıb, çəkilişi isə peşəkar yaradıcı heyət aparıb.