Vüqar Ələkbərov: "Sübhanın dünya çempionu olması diqqət və qayğının nəticəsidir"

Sübhan Mamedovun Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında qızıl medal qazanması Azərbaycan Boks Federasiyasının idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Boks Federasiyasının klublarla və yerli nümayəndəliklərlə iş şöbəsində mütəxəssis vəzifəsində çalışan Vüqar Ələkbərov deyib.

Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı millinin baş məşqçisi Ravşan Xocayev haqqında müsbət fikirlər səsləndirib.

"Sübhanın uğuru Azərbaycan Boks Federasiyasının idmançılara göstərdiyi qayğı və diqqətdən irəli gəlir. Hər cür şərait yaradılıb. Boksçular daim təlim-məşq toplanışlarında, yarışlarda iştirak edirlər. Bu gün Özbəkistan idmançıları dünya boksunda sözünü deyir. Özbəklərə dünya çempionatının finalıda böyük haqsızlıq etdilər. Ravşan Xocayev çox yaxşı, yüksək səviyyəli mütəxəssisdir. Ayın demək olar 20 gününü təlim-məşq toplanışlarında keçirirlər. Baş məşqçi uşaqları bir gün dinc buraxmır. Bu il olimpiya idman növlərinndə dünya çempionumuz yox idi. Sağ olsun, baş məşqçi bu problemi aradan qaldırdı".

O, dünya çempionu olmuş Sübhanla yanaşı, digər boksçuların da çıxışına toxunub:

"Sübhan Mamedov çox gözəl döyüşdü. Özbəkistan, Rusiya, Filippindən olan rəqiblərinə qalib gəldi. Yarımfinalda Avropa çempionu və dünya üçüncüsü olmuş gürcüstanlı boksçunu da məğlub etdi. Beş görüşün hər birində gözəl qələbə qazandı. Məhəmməd Abdullayev iki döyüş keçirdi, ancaq yarımfinalda rusiyalı rəqibinə uduzdu. Buna baxmayaraq, boksçumuzun həmin rəqibdən üstün olduğunu düşünürəm. Yəni əvvəlki formasında olsaydı, qələbə qazanardı. Onun finala çıxa bilməməsini yorğunluqla əlaqələndirərdim. Alfonso Dominqes də pis döyüşmədi. Hakim idarəçiliyinə bir söz deyə bilmərəm. Amma fikrimcə, Dominqes yarımfinalda uduzmamışdı. Rəqibi ilə bərabər səviyyədə mübarizə apardı".

V.Ələkbərov qarşıdakı planlardan da danışıb:

"Gələn ildən Dünya Boks Təşkilatı (WBO) Olimpiya Oyunlarına lisenziya üçün Qran-pri yarışları təşkil edəcək. Bu yarışlarda iştirak edəcəyik. Qran-prilərdə qazanılan xallar olimpiadaya lisenziya verəcək. İlk mərhələ martda Braziliyada, sonuncu isə noyabrda Özbəkistanda keçiriləcək. Hələ ki, bunlar təsdiqlənib".

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunub. Sübhan Mamedov (48 kq) qızıl, Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medala sahib çıxıblar.

Digər xəbərlər