Rauf Hacılı: "XI Vüqar Həşimov Memorialında çempionluğa əsas namizədlərdən biri Rauf Məmmədovdur"

Xankəndidə təşkil olunacaq XI Vüqar Həşimov Memorialında çempionluğa əsas namizədlərdən biri Rauf Məmmədovdur.

"Report" xəbər verir ki, bunu turnirin baş hakimi Rauf Hacılı deyib.

Mütəxəssis yarışın maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini bildirib:

"Bu yarışda dünyanın ən güclü şahmatçılarından biri olan Yan Nepomnyaşi də çıxış edir. Həmyerlimiz Rauf Məmmədov vaxt nəzarəti azaldıqca, çox güclü oyun nümayiş etdirir. Dünyanın ən qabaqcıl şahmatçıları ilə rəqabət apara bilər. Bu baxımdan, hesab edirəm ki, çempionluğa əsas namizədlərdən biri Rauf Məmmədovdur".

O, Memorialın dünya çempionatının seçmə mərhələsi siyahısına salınmasından da danışıb:

"Memorialın FIDE dünya çempionatının seçmə mərhələsi olması iştirakçıların məsuliyyətini artırır. Burada qazanılan uğur turnirin qalibinə əlavə imtiyazlar verəcək. Bu baxımdan, düşünürəm ki, gərgin və maraqlı mübarizələrə şahidlik edəcəyik".

R. Hacılı yarışın işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin məsuliyyətindən də söz açıb:

"30 il həsrətində olduğumuz bu ərazilərə səfər etmək hər bir azərbaycanlı üçün böyük hadisədir. Həmin ərazilərdə bərpa-quruculuq işləri gedir və yalnız mötəbər tədbirlər keçirilir. Bu baxımdan, Memorialın ötən il Şuşada, bu dəfə isə Xankəndidə təşkil olunması Vüqar Həşimovun xatirəsinə olan böyük hörmət və ehtiramın göstəricisidir. Mən də bu cür tədbirə dəvət edildiyim üçün böyük fəxr hissi keçirirəm".

Qeyd edək ki, XI Vüqar Həşimov turniri dekabrın 9-11-də təşkil olunacaq.

Digər xəbərlər