Millinin baş məşqçisi: "Azərbaycan çempionatının nəticələri regionlardakı inkişafın göstəricisidir"

Azərbaycan çempionatının nəticələri regionlarda gedən inkişafın göstəricisidir.

Bunu "Report"a açıqlamasında yeniyetmə oğlan cüdoçulardan ibarət millinin baş məşqçisi Emin İskəndərov deyib.

O, ötən gün başa çatan Azərbaycan çempionatının nəticələrini dəyərləndirib:

"Bu dəfə ötən ilə nisbətən fərqliliklər oldu. Regiondan gələn idmançıların sayı artmışdı, həm də inkişaf ediblər. Çünki regionlardan gələnlər yaxşı nəticələr göstərdilər. Azərbaycan çempionatının nəticələri regionlarda gedən inkişafın göstəricisidir, xoş haldır. Millinin heyətində 2009 təvəllüdlü idmançılar var ki, onları ehtiyat kimi hazırlayırıq. Artıq bir neçə beynəlxalq yarışlarda iştirak ediblər. Təlim-məşq toplanışlarına qatılan və milliyə cəlb edilən idmançıların demək olar ki, hamısı medala yiyələndilər. Bu onu göstərir ki, gələn il nəticə vermək şansları yüksəkdir".

Mütəxəssis qarşıdakı hədəflərdən danışıb:

"Növbəti il Avropa və dünya çempionatları, həmçinin ilin son yarışı olan yeniyetmələr arasında Olimpiya Oyunları var. Bu üç böyük yarışda yaxşı nəticə verməyi hədəfləyirik. Ümid edirik ki, məqsədimizə çatacağıq. Həm oğlanlar, həm də qızlar arasında perspektivli, təcrübəli cüdoçular var. Onlar Azərbaycan çempionu oldular. Hər birinin növbəti illərdə yaxşı nəticələr əldə edəcəyinə inanırıq".

Qeyd edək ki, ötən gün başa çatan ölkə çempionatında oğlanlar arasında Bakı şəhəri 2 nömrəli RİOEUGİM qızıl medal qazanıb. Qızların mübarizəsində isə Bakı şəhəri 13 nömrəli İOEUGİM komandası baş mükafata sahib çıxıb.

Digər xəbərlər