Naxçıvan şəhərindəki Gənclik Mərkəzində keçirilən bodibildinq üzrə ikinci muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası (NMR) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarış Şərur rayonunun Günnüt kəndində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunub.
Reqlamentə əsasən çıxışlar mens fizik versiyasında 170, 175, 180+ sm boy, klassik versiyada isə 75 kq çəki kateqoriyaları üzrə olub.
Yarışın qalibləri fitnes məşqçisi, bodibildinq üzrə dünya və Avropa çempionu Vüqar Verdiyev, Türkiyə milli komandasının üzvləri Volkan Zülaloğlu və Hüseyn Tabaru, həmçinin əməkdar məşqçi Şəfi Hüseynovdan ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib.
Qiymətləndirməyə əsasən Kənan Əlirzayev (170 sm), Elnur Tağızadə (175 sm), Əli Bahartaş (180+ sm) və Vəli Əliyev (75 kq) öz kateqoriyalarında qalib adına layiq görülüblər. Əli Bahartaş eyni zamanda yarışın mütləq qalibi seçilib. İlk üç yerin sahibləri diplom, medal və kubokla, digərləri fəxri fərmanla təltif ediliblər.
Qeyd edək ki, mükafatları NMR-in gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, Türkiyənin NMR-dəki baş konsulu Asip Kaya, İranın NMR-dəki konsulu Ruhulla Piribalayi və digərləri təqdim ediblər. Münsiflər heyəti üzvlərinə isə təşəkkürnamələr verilib.