Təcrübəli hakimlər arasında ən yaxşı seçilməyim mənim üçun qürurvericidir.
Bunu "Report"a açıqlamasında azərbaycanlı hakim Seymur Məmmədov taekvondo üzrə yeniyetmələr arasında keçirilən Qazaxıstanın açıq çempionatında ən yaxşı referi adına layiq görülməsi barədə danışarkən deyib.
O, başqa ölkədə fərqləndirildiyi üçün xoşbəxt olduğunu söyləyib:
"Qazaxıstanın açıq çempionatı yeniyetmə yaş kateqoriyasında milli komandanın formalaşdırılması, eləcə də dünya çempionatına seçim xarakteri daşıdığı üçün çox maraqlı və gərgin keçdi. Müxtəlif ölkələrdən yarışın idarə olunması üçün beynəlxalq dərəcəli hakimlər dəvət olunmuşdu. Azərbaycan Taekvondo Federasiyasından mənə və beynəlxalq dərəcəli digər referimiz Rza Məcidova etimad göstərilmişdi. Dəstəyə və inama görə federasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk".
S.Məmmədov qarşıdakı planlardan da danışıb:
"Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli hakimləri mütəmadi olaraq müxtəlif yarışlara ezam olunurlar. Biz də öz tərəfimizdən işimizi layiqincə yerinə yetirdik, yarışın ədələtli, şəffaf şəkildə idarə olunması üçün çalışdıq. Sevindirici haldır ki, işimə qiymətin nəticəsi olaraq, yarışın ən yaxşı hakimi adına layiq göruldüm. Sözsüz ki, təcrübəli hakimlər arasında ən yaxşı seçilməyim mənim üçun qürurvericidir. Bundan sonra da fəaliyyətimdə ədalət prinsiplərinə sadiq qalacaq, ölkəmizi digər yarışlarda da layiqincə təmsil etməyə çalışacağam".
Qeyd edək ki, Qazaxıstanın açıq çempionatında Azərbaycanı təmsil edən Seymur Məmmədovla yanaşı, Rza Məcidov Təşkilat Komitəsi tərəfindən iştirakçı sertifikatı ilə təltif edilib.