Xorvatiyada təşkil olunan Avropa Kubokundakı nəticələrimizi qənaətbəxş sayıram.
Bunu “Report”a açıqlamasında Azərbaycanın yeniyetmə qız cüdoçulardan ibarət millisinin baş məşqçisi Elnur İsmayılov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokundakı nəticələri dəyərləndirərkən deyib.
Mütəxəssis yuxarı çəkilərdə rəqabətin az olduğunu vurğulayıb:
“Nəticəni qənaətbəxş sayıram. Mədinə Hüseynova (40 kq) və Xədicə Abdullayeva (44 kq) bürünc medal qazandı. Aysun Məmmədova (52 kq) isə çempion oldu. 48 kq çəki dərəcəsində yarışan cüdoçular beşinci yeri tutdular. Digər qızlar da pis güləşmədilər. Ağır çəkilərdə müəyyən problemlər olduğundan rəqabət azdır. Yüngül çəkilərdə 4-5 idmançı rəqabət aparır və bunun sayəsində sürətli inkişaf gedir. İnanıram ki, ağır çəklilərdə problemləri yoluna qoyacağıq. Bunun üçün vaxt lazımdır”.
Məşqçi komanda üzvlərinin bəzilərinin milliyə ilk dəfə dəvət aldıqlarını söyləyib:
“Bu, ikinci yarış idi. Daha əvvəl Türkiyənin Antalya şəhərində təşkil olunan Avropa Kubokunda iştirak etmişdik. Komanda üzvlərinin 90 faizi yenidir. İlk dəfədir milliyə dəvət alırlar. Onların səhvlərini üzə çıxarmaq və üzərlərində çalışmaq lazımdır”.
O, daha bir yarışda iştirak edəcəklərini nəzərə çatdırıb:
“Qarşıda bizi Çexiyanın Teplitse şəhərində baş tutacaq Avropa Kuboku gözləyir. Bu, sınaq yarışı olacaq. İdmançıları bu yarışa hazırlayacağıq və səhvləri aşkarlayıb aradan qaldırmağa çalışacağıq. İnanıram ki, Teplitsedə daha yaxşı nəticələr əldə edəcəyik”.
Qeyd edək ki, Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa Kubokunda millimiz iki bürünc, bir qızıl olmaqla 3 medal qazanıb. Mədinə Hüseynova (40 kq) və Xədicə Abdullayeva (44 kq) üçüncülüklə kifayətlənib, Aysun Məmmədova (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.