Avropa ikincisi olan Azərbaycan ağırlıqqaldıranı: "Məqsədim növbəti yarışlarda himnimizi səsləndirməkdir"

Məqsədim növbəti yarışlarda bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirməkdir.

Bunu “Report”a açıqlamasında Moldovada keçirilən Avropa çempionatında ikinci olan Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov deyib.

İdmançı gözəl nəticə əldə etdiyini söyləyib:

“Avropa çempionatında gözəl nəticə əldə etdim və Azərbaycana qələbə ilə qayıdıram. Mənim üçün qürurvericidir. Təbii ki, hər idmançıda olduğu kimi, məndə də həyəcan və məsuliyyət hissi var idi. Qələbə qazanmaq istəyirdim. Uzun müddətdir yarışa hazırlaşırdım. Şükürlər olsun ki, yaxşı nəticə əldə etdim. Bu başlanğıcdır. Məqsədim növbəti yarışlarda bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirməkdir. Bunu həyata keçirmək üçün əlimdən gələni edəcəyəm. Üzərimdə əziyyəti olan müəllimlərə, həmçinin Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu, təkcə mənim deyil, hər birimizin qələbəsidir”.

Qeyd edək ki, İsa Rüstəmov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında 3 medal qazanıb. Birdən qaldırma hərəkətində (138 kq) bürünc, təkanla qaldırmada (170 kq) qızıl medala yiyələnən ağırlıqqaldıran toplamda 308 kq nəticəyə imza ataraq yekun sıralamada ikinci olub.

Xəbər lenti