Avropa çempionatı: Azərbaycanın daha 7 boksçusu növbəti mərhələyə yüksəlib

Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin daha 7 idmançısı mərhələ adlayıb.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən bildirilib.

Veysilə Əliyeva (54 kq) 1/8 finalda şotlandiyalı Mairid Makgeoçə 4:0 (29:27, 30:26, 29:27, 28:28, 29:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda ukraynalı Alina İnatoviçlə üz-üzə gələcək.

Hüseyn Rəhimli (40 kq) də 1/8 final qarşılaşmasından qalib ayrılıb. Boksçu xorvatiyalı Matiya Yankoviçi ilk raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti görüşündə ingiltərəli Feliks Runi ilə qarşılaşacaq.

Hümbət Almazov (42 kq) serbiyalı Petar Radivoyeviçdən üstün olub – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:27). O, 1/4 finalda almaniyalı Kevin Lourenko de Kastro ilə qüvvəsini sınayacaq.

Gülay Ocaqova (57 kq) adını yarımfinala yazdırıb. İmişli boksunun yetirməsi 1/4 finalda italiyalı Quilia Qiustizierini yarışdan kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28, 29:28). G.Ocaqova finala gedən yolda macarıstanlı Lia Toldi ilə mübarizə aparacaq.

Rafael Abbasov (66 kq) 1/4 finalda polşalı Yan Balaya 3:2 (27:30, 30:27, 30:27, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Zakaria Tsiklauri ilə görüşəcək.

Sərxan Haxverdiyev (70 kq) 1/4 finalda polşalı Oliver Mayaya 3:2 (30:27, 29:28, 28:29, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Boksçu növbəti döyüşündə italiyalı Dieqo Mastrorillo ilə gücünü yoxlayacaq.

Teymur Tanrıverdiyev (90 kq) isə 1/4 finalda türkiyəli Berat Yıldırımdan üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, yarımfinalda rusiyalı Andrey Konstantinovu sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

Digər xəbərlər